30 iyun 2026, 09:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində azad edilmiş ərazilərə səfərə başlayıblar.
Səfərin ilk günündə Ağdam və Xocalı rayonlarında Dövlət Proqramı çərçivəsində icra olunan layihələr yerində izlənilib. Baxış tədbirləri çərçivəsində İİTKM ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti tərəfindən Ağdam şəhərində 4 nömrəli yaşayış massivi, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində yaşayış məntəqələrinin tikintisi prosesinə baxılıb. Daha sonra, Nəmirli kəndində Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi işlərinin cari vəziyyətinə dair geniş təqdimat keçirilib. Səfər çərçivəsində Xocalı şəhərində yeni yaşayış məntəqəsinin tikintisi, eləcə də rayonun Badara və Ballıca kəndlərində aparılan təmir-bərpa işləri yaxından izlənilib.
Aparılan yerində baxış tədbirləri göstərib ki, azad edilmiş ərazilərdə fəaliyyətlər olduqca sürətlə və geniş miqyasda irəliləyir. Əhalinin doğma yurdlarına qayıdışı və orada dayanıqlı yaşayışının təmin olunması istiqamətində layihələr intensiv şəkildə icra olunur. Eyni zamanda, səfər çərçivəsində infrastruktur və tikinti layihələrinin icrasının daha da optimallaşdırılması, aidiyyəti qurumlar arasında operativ əlaqələndirmə və kommunikasiyanın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, fəaliyyətin effektivliyinin və səmərəliliyinin artırılması üzrə müvafiq təkliflər səsləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. 6 günlük səfər çərçivəsində növbəti günlərdə Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdərə rayonları, Xankəndi şəhəri və Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində layihələr üzrə işlərin cari vəziyyətinə yerində baxış keçirilməsi nəzərdə tutulub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az