İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutunun təşkil etdiyi “2024-cü il üzrə CAREC dəhlizlərinin fəaliyyət göstəricilərinin ölçülməsi və monitorinqi” mövzusunda beynəlxalq siyasət dialoqunda iştirak edib. Onlayn formatda keçirilən tədbirdə region ölkələrinin dövlət qurumlarının təmsilçiləri, beynəlxalq ekspertlər, tədqiqatçılar və logistika sahəsinin mütəxəssisləri yer alıblar.
R.Nəcəfli dialoq çərçivəsində “CAREC-in inkişafına təkan verən amillər: Orta Dəhlizin mövcud vəziyyəti və gələcəyin qurulmasında rolu” mövzusunda təqdimatla çıxış edib. O, Avrasiya məkanında Orta Dəhlizin artan strateji əhəmiyyəti, yükdaşımaların dinamikası, nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşma, regional inteqrasiya, habelə investisiya imkanları barədə ətraflı məlumat verib.
Çıxışda son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artdığı, çatdırılma müddətlərinin qısaldığı, eləcə də liman və sərhəd-keçid məntəqələrində əməliyyat səmərəliliyinin yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal həllərin tətbiqi, vahid logistik yanaşmalar və regional əməkdaşlıq dəhlizin rəqabət qabiliyyətinin güclənməsində həlledici rol oynayır.
Təqdimatın əsas hissəsi İİTKM-in nəşr etdiyi, 10 ölkədən 22 ekspertin iştirakı ilə hazırlanan “Orta Dəhliz: cari reallıqlar və gələcək perspektivlər” (“The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects”) adlı kitabın tədqiqat nəticələrinə əsaslanıb. Bu nəşr Orta Dəhlizin geosiyasi, iqtisadi, nəqliyyat və regional inteqrasiya aspektlərini əhatə edən ilk genişmiqyaslı beynəlxalq tədqiqat əsərlərindən biri hesab olunur.
Müzakirələr zamanı Orta Dəhlizin Asiya ilə Avropa arasında əlaqələrin möhkəmləndirilməsində, ticarət marşrutlarının şaxələndirilməsində və CAREC regionunda davamlı iqtisadi inkişafın təşviqindəki rolu yüksək qiymətləndirilib.
Xatırladaq ki, CAREC İnstitutu Asiya İnkişaf Bankının dəstəyi ilə fəaliyyət göstərən, üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, bilik mübadiləsi və regional inteqrasiyanın təşviqini həyata keçirən aparıcı beynəlxalq tədqiqat və siyasət platformasıdır.