“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aqrar sahənin prioritet istiqamətləri üzrə Sabirabad şəhərində pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təşkil olunan tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və digər rəsmi şəxslər çıxış edərək Dövlət Proqramında nəzərdə tutulan tədbirlər, pambıqçılığın inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Tədbirdə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax və Zərdab rayonları üzrə pambıqçılıq sahəsində mövcud vəziyyət, məhsuldarlığın artırılması, su təminatı, innovativ yanaşmaların tətbiqi və emal imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Müşavirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov iştirak edib.
Tədbir çərçivəsində fermer və sahibkarların təklifləri dinlənilib, pambıqçılığın inkişafı istiqamətində aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və özəl sektor arasında koordinasiyalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr bundan əvvəl Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Dağlıq Şirvan, Abşeron-Xızı və Quba-Xaçmaz, Qarabağ, Lənkəran-Astara, Qazax-Tovuz, Şirvan-Salyan, Naxçıvan, Şəki-Zaqatala və Mil-Muğan iqtisadi rayonlarında keçirilib.