“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə regional müşavirələr Şəki-Zaqatala və Mil-Muğan iqtisadi rayonlarını əhatə edib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə keçirilən tədbirlərdə Prezident Administrasiyasının məsul şəxsləri, aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qax rayonunda keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları üzrə meyvəçilik, tütünçülük, taxılçılıq və heyvandarlıq sahələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.
Mil-Muğan iqtisadi rayonu üzrə Saatlı şəhərində keçirilən müşavirədə Natiq Əmirov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev və digər rəsmi şəxslər Dövlət Proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Tədbirdə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə pambıqçılıq, taxılçılıq, heyvandarlıq və quşçuluq sahələrinin inkişaf perspektivləri, mövcud potensial və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri də iştirak ediblər. Şəki-Zaqatala iqtisadi rayonu üzrə keçirilən müşavirədə İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov, Mil-Muğan iqtisadi rayonu üzrə müşavirədə isə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov iştirak edib.
Qeyd edək ki, aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr bundan əvvəl Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Dağlıq Şirvan, Abşeron-Xızı və Quba-Xaçmaz, Qarabağ, Lənkəran-Astara, Qazax-Tovuz, Şirvan-Salyan və Naxçıvan iqtisadi rayonlarında keçirilib.