23 iyun 2026, 10:20

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dünyanın aparıcı elmi infrastruktur platformalarından biri olan Tədqiqat Təşkilatlarının Reyestrində (Research Organization Registry – ROR) rəsmi qeydiyyata alınaraq beynəlxalq səviyyədə tanınan elmi-tədqiqat təşkilatları sırasına daxil edilib.

Qeydiyyat nəticəsində İİTKM-ə beynəlxalq elmi ekosistemdə istifadə olunan unikal təşkilat identifikatoru təqdim olunub. Bununla da Mərkəz qlobal elmi informasiya sistemlərində müstəqil elmi-tədqiqat qurumu kimi tanınmağa başlayıb.

ROR universitetlərin, elmi-tədqiqat institutlarının, beyin mərkəzlərinin və digər tədqiqat təşkilatlarının vahid şəkildə identifikasiyasını təmin edən beynəlxalq reyestrdir. Elmi infrastrukturun mühüm elementlərindən biri hesab olunan bu sistemdə qeydiyyat təşkilatların beynəlxalq elmi fəaliyyətinin tanınmasının əsas göstəricilərindən sayılır.

ROR sistemi elmi təşkilatlar üçün DOI və ORCID platformalarının institusional analoqu kimi qiymətləndirilir. Belə ki, DOI elmi məqalələrin, ORCID isə tədqiqatçıların identifikasiyasını təmin etdiyi kimi, ROR da təşkilatların qlobal elmi məkan üzrə vahid identifikasiyasını həyata keçirir.

Yeni status İİTKM tərəfindən nəşr olunan “İqtisadi İslahatlar” elmi-analitik jurnalının da beynəlxalq elmi informasiya sistemlərində təmsilçiliyini gücləndirəcək. Jurnalın metadata məlumatları qlobal elmi platformalarda təşkilatın rəsmi identifikatoru ilə əlaqələndiriləcək ki, bu da nəşrlərin görünürlüğünün, sitat göstəricilərinin izlənilməsinin və beynəlxalq elmi dövriyyədə iştirakının genişlənməsinə şərait yaradacaq.

ROR identifikatorunun əldə olunması İİTKM-in OpenAlex, Crossref, ORCID, DataCite, OpenAIRE və digər beynəlxalq elmi platformalarla inteqrasiyasını da gücləndirir. Nəticədə Mərkəzin nəşrləri, müəllifləri və elmi fəaliyyət göstəriciləri qlobal elmi informasiya məkanında avtomatik şəkildə izlənilə və təhlil oluna biləcək.

Qeyd edək ki, ROR-un kuratorları İİTKM-in elmi-tədqiqat fəaliyyəti, tədqiqatçıların məşğulluğu və beynəlxalq elmi nəşrlərdə təşkilatın afiliyasiya kimi istifadəsini qiymətləndirərək Mərkəzin beynəlxalq reyestrə daxil edilməsini məqsədəuyğun hesab ediblər.

İİTKM-in ROR-da qeydiyyata alınması Mərkəzin beynəlxalq elmi nüfuzunun möhkəmlənməsinə, qlobal elmi əməkdaşlıq imkanlarının genişlənməsinə və Azərbaycanın elmi-analitik potensialının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az