İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Elşən Yusifli Çinin Nankin (Nanjing) şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələrdə süni intellektin qurulması” adlı seminarda iştirak edib.
Seminar iştirakçıların süni intellekt və rəqəmsal siyasət üzrə peşəkar bacarıqlarının artırılması, Çinin texnoloji innovasiyalar və süni intellekt sahəsindəki qabaqcıl təcrübələrinin öyrənilməsi, tərəfdaş ölkələr arasında rəqəmsal əməkdaşlığın təşviq edilməsi və digər müvafiq sahələri əhatə edib.
Seminar çərçivəsində auditoriya mühazirələri və praktiki təlimlərlə yanaşı, Çinin əsas texnoloji innovasiya mərkəzlərindən sayılan Hefei şəhərinə, habelə süni intellekt və robot texnologiyası sistemlərinin tətbiqi ilə məşğul olan dövlət və özəl sənaye müəssisələrinə sahəvi səfərlər təşkil olunub. Təlimlərdə süni intellektin idarəetmə və etika çərçivələri, ağıllı istehsalat (“smart manufacturing”) və rəqəmsal transformasiya trendləri geniş müzakirə edilib.
Seminarın yekununda iştirakçı ölkələrin nümayəndələrinin təqdimatları zamanı Elşən Yusifli “Dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində süni intellektin tətbiqi” mövzusunda məruzə ilə çıxış edərək, bu istiqamətdə İİTKM-in qabaqcıl təcrübəsini auditoriyanın diqqətinə çatdırıb.
Tədbirdə ölkəmizi İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri təmsil ediblər.