İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalının təcrübəsi Polşanın Krakov şəhərində, Milli Luis Universitetində təşkil olunan “Yeni üfüqlər: Rəqəmsal iqtisadiyyat və dəyişən dünyaya cavablar” adlı beynəlxalq elmi konfransda təqdim edilib.
Konfrans çərçivəsində İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun həmmüəllifi olduqları “Digital Trade, Government Policy, and Economic Growth: The Case of Azerbaijan” (“Rəqəmsal ticarət, hökumət siyasəti və iqtisadi artım: Azərbaycan nümunəsi”) adlı elmi məqalə geniş müzakirə olunub.
Təşkilat komitəsinin qərarına əsasən uğurlu təcrübə nümunəsi kimi qiymətləndirilən tədqiqat işi “Süni intellekt əsrində yeni iqtisadiyyat: imkanlar, risklər və cəmiyyətin transformasiyası” adlı panel müzakirəsinə daxil edilib. Tədbir çərçivəsində məqalənin həmmüəllifi Ayxan Qədəşov çıxış edərək tədqiqatın əsas nəticələrini iştirakçılara təqdim edib. Çıxış zamanı rəqəmsal transformasiyanın milli iqtisadiyyata təsiri, dövlət siyasətinin ixracyönümlü rəqəmsal platformaların formalaşmasındakı rolu və bunun makroiqtisadi göstəricilərə müsbət təsirləri barədə ətraflı məlumat verilib.
Təqdimatda, həmçinin “Azexport” portalı vasitəsilə yerli istehsalçıların qlobal bazarlara çıxış imkanlarının texnoloji və logistik baxımdan optimallaşdırılması xüsusi vurğulanıb. Tədqiqat işində iqtisadi fəaliyyətdə məlumatların idarə olunması, rəqəmsal ticarətin inkişafı, bu sahədə qlobal tendensiyaların Azərbaycan nümunəsində tətbiqi, eləcə də rəqəmsal alətlərin biznes mühitinin və cəmiyyətin transformasiyasında oynadığı rol empirik yanaşma əsasında təhlil olunub.
Qeyd edək ki, konfransın əsas təşkilatçıları sırasında Polşa, Bosniya və Herseqovina, Portuqaliya, Ukrayna, Bolqarıstan, Monteneqro, Sloveniya və Serbiyanın nüfuzlu universitetləri və elmi-tədqiqat qurumları yer alıb. Azərbaycan təcrübəsinin beynəlxalq akademik platformada təqdimatı müxtəlif ölkələrin qabaqcıl universitetlərini təmsil edən alim və ekspertlər tərəfindən maraqla qarşılanıb.