İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı, “MeetUp Networking Club” və Latviyanın “STC” şirkətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlar üçün onlayn təlim keçirilib. Tədbirin əsas məqsədi Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazarlara, xüsusilə də Avropa bazarlarına daha rəqabətədavamlı və rahat çıxışını təmin etmək üçün tələb olunan sertifikatlar, orqanik istehsal və qablaşdırma standartları barədə yerli sahibkarları məlumatlandırmaq olub.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın aqrar məhsulları yüksək keyfiyyəti ilə seçilir. Bu keyfiyyətin müvafiq standartlarla hüquqi formada təsdiqlənməsi məsələləri ixrac prosesində ciddi əhəmiyyət kəsb edir. O, sahibkarların məlumatlılığının artırılması məqsədilə bu cür tədbirlərin və görüşlərin davamlı təşkilinin əhəmiyyət daşıdığını vurğulayıb.
Təlim proqramı çərçivəsində Latviyadan olan mütəxəssislər ardıcıl çıxışlar edərək ixrac potensialının artırılması üçün əhəmiyyət kəsb edən mövzuları təhlil ediblər. Kənd təsərrüfatı elmləri doktoru, professor Aleksandr Juykov “Orqanik əkinçiliyin əsas tələbləri” mövzusunda təqdimatla çıxış edib, sahənin elmi və praktiki əsaslarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra “STC” şirkətinin baş eksperti Daiqa Tukişa “Orqanik məhsulların emalı və markalanması” qaydalarından danışıb, beynəlxalq bazarlarda düzgün qablaşdırmanın rolunu vurğulayıb. Yekun təqdimatlarda isə beynəlxalq ekspert Aleksandr Vovk “Orqanik əkinçiliyin sertifikatlaşdırılması prosesi” və “GlobalG.A.P. standartının tələbləri” mövzularında detallı məlumat verib, sertifikatların əldə olunma mərhələlərini iştirakçılara izah edib.
İnteraktiv təlimdə yerli istehsalçılar və ixracatçılar məhsulların beynəlxalq sertifikatlaşdırılması prosedurları, xarici bazarların texniki tələbləri və praktikada qarşılaşdıqları çətinliklərlə bağlı suallarını birbaşa mütəxəssislərə ünvanlayıblar. İştirakçıların bütün sualları ekspertlər tərəfindən ətraflı cavablandırılıb və onlara müvafiq istiqamətlər üzrə tövsiyələr verilib.