12 iyun 2026, 12:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Çinin Siçuan əyalətinin paytaxtı Çendu şəhərində təşkil olunun "İnkişaf etməkdə olan ölkələr üçün yaşıl enerji və karbon pikinin və karbon neytrallığı hədəflərinin idarə edilməsi"(Seminar on Green Energy and the Management of Meeting Carbon Peaking and Carbon Neutrality Goals for Developing Countries) mövzusundakı beynəlxalq tədbirdə açılış nitqi ilə çıxış edib.

O bildirib ki, 2025-ci ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında iki ölkə lideri tərəfindən Birgə Bəyanat imzalanıb. Bu çərçivədə yaşıl enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir.  

R.Hüseyn çıxışında COP29-a ev sahibliyi edən Azərbaycan Respulikasının enerji keçidi, bərpa olunan mənbələrdən istifadə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, yaşıl enerji sahəsində Azərbaycanın beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlığına toxunub və burada Çin şirkətlərinin də yer aldığını qeyd edib. Hazırda Azərbaycan dörd yaşıl enerji dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu yaşıl dəhlizlər Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək.

Tədbirdə günəş və külək enerjisi sahəsində Çinin son nailiyyətləri,  həmçinin yaşıl hidrogen, bioenerji ilə bağlı məruzələr edilib. Beynəlxalq seminarda Azərbaycandan İİTKM-lə yanaşı, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi nümayəndələri də iştirak edirlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az