İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə Qazax, Ağstafa və Tovuz rayonlarında səfərdə olublar.
Səfərdə İİTKM ilə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Qazax rayonunda İncəsu su anbarında beton üzlüklərin vəziyyətinə, nasos stansiyasında istismardan çıxmış 5 nasosdan bərpaya ehtiyacı olan üç nasosa və təhlükəli vəziyyətdə çalışa 2 nasosun texniki vəziyyətinə, nasos stansiyasından hovuza ötürülən qəzalı su borularına baxış keçirilib.
Coğazçay su anbarında qəza su tullayıcı kanalının sıradan çıxmış təzyiqsöndürmə hovuzu, anbardan verilən suyun çıxış hissəsində mövcud vəziyyət və texniki problemlər yerində qiymətləndirilib.
Ağstafaçay su anbarında su buraxılış şlüzlərinin, qəza su tullayıcı qurğuların və aşınmaya məruz qalmış beton üzlüklərin vəziyyəti müşahidə olunub.
Qazax və Ağstafa rayonlarında Kür çayı sahilində yerləşən, sel və daşqın riskinə məruz qalan kəndlərdə pay torpaqları, əkin sahələri və örüş yerlərinə baxış keçirilib, mövcud risklər və görülməsi zəruri olan tədbirlər müzakirə olunub.
Tovuzçay su anbarında qaldırıcı kranların texniki vəziyyəti, eləcə də Tovuz rayonunun əkin sahələrinin suvarılmasında istifadə olunan kanalların fəaliyyəti və səmərəliliyi qiymətləndirilib.
Səfər çərçivəsində monitorinq qrupunun nümayəndələri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüblər. Görüşdə Milli Strategiya çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən su təsərrüfatı infrastrukturunun mövcud vəziyyəti, su itkilərinin azaldılması, qurğuların etibarlı istismarı və su ehtiyatlarının daha səmərəli idarə olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.