İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynovun müəllifi olduğu “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” adlı analitik məqalə Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (KAZISS) tərəfindən dərc olunub.
Məqalədə vurğulanır ki, Türk Dövlətləri Təşkilatının (TDT) Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü (15 may 2026) türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Əvvəlki dövrlərdə TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərini siyasi dialoq, nəqliyyat-logistika və iqtisadi inteqrasiya təşkil edirdisə, Türküstan Zirvəsi türk dövlətlərinin gündəliyinə süni intellekt, rəqəmsal transformasiya və innovativ iqtisadiyyat kimi yeni strateji prioritetləri daxil edib.
Müəllif qeyd edir ki, zirvənin “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunması təsadüfi deyil. XXI əsrdə dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız təbii resurslar və iqtisadi potensialla deyil, həm də texnoloji inkişaf səviyyəsi, rəqəmsal infrastrukturun keyfiyyəti və innovasiya imkanları ilə müəyyən olunur. Bu baxımdan süni intellekt iqtisadi inkişafın və milli rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib.
Məqalədə Türküstan şəhərinin xüsusi simvolik əhəmiyyət daşıdığı da vurğulanır. Belə ki, 2021-ci ildə burada keçirilən qeyri-rəsmi Zirvə görüşündə şəhər türk dünyasının mənəvi paytaxtı elan edilmişdi. Bu gün isə Türküstan türk inteqrasiyasının yeni texnoloji və rəqəmsal gündəliyinin formalaşdığı mərkəzə çevrilir.
İlyas Hüseynov hesab edir ki, Zirvə görüşünün əsas nəticələrindən biri qəbul olunmuş Türküstan Bəyannaməsidir. Bu sənəd TDT-nin rəqəmsal inkişaf strategiyasının əsaslarını müəyyənləşdirir, süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya ekosistemləri və müasir texnoloji platformalar üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Məqalədə Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətlərə də xüsusi yer ayrılır. Müəllif qeyd edir ki, Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması ölkədə innovativ inkişaf modelinin formalaşdırılmasına xidmət edir. 2025-ci ildə qəbul edilmiş Süni İntellekt Strategiyası isə bu sahədə uzunmüddətli prioritetləri müəyyənləşdirib.
Qazaxıstanın da TDT məkanında rəqəmsal transformasiyanın aparıcı mərkəzlərindən birinə çevrildiyi vurğulanır. Süni intellekt üzrə ayrıca dövlət qurumunun yaradılması, Alem.ai mərkəzinin fəaliyyətə başlaması, KazLLM və AlemLLM kimi milli dil modellərinin hazırlanması ölkənin bu istiqamətdə liderlik ambisiyalarını nümayiş etdirir.
Müəllif hesab edir ki, rəqəmsal gündəlik Orta Dəhlizin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Elektron icazə sistemləri, rəqəmsal logistika platformaları, süni intellekt əsaslı həllər və gömrük prosedurlarının avtomatlaşdırılması transxəzər marşrutlarının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Məqalədə “Rəqəmsal İpək Yolu” layihəsinin də perspektivləri qiymətləndirilir. Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən Transxəzər fiber-optik kabel layihəsinin türk dövlətləri arasında rəqəmsal bağlantını gücləndirəcəyi, elektron ticarət, maliyyə texnologiyaları və rəqəmsal xidmətlərin inkişafına yeni imkanlar yaradacağı qeyd olunur.
Müəllifin qənaətinə görə, Türküstan Zirvəsi türk inteqrasiyasının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Əgər keçmişdə inteqrasiyanın əsasını ortaq tarix, dil və mədəniyyət təşkil edirdisə, bu gün həmin təməl texnologiyalar, innovasiyalar və rəqəmsal iqtisadiyyatla tamamlanır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı gələcəkdə Avrasiyanın yeni iqtisadi artım və innovasiya mərkəzlərindən birinə çevrilə bilər.
Məqaləni oxumaq üçün linkə daxil olun: