08 iyun 2026, 14:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Özbəkistanın paytaxtı Daşkənd şəhərində “IT Park Uzbekistan” və “Enterprise Uzbekistan” nümayəndələri ilə görüşlər keçirib.

Özbəkistanın dövlət texnologiya parkı və startap ekosistemi olan “IT Park Uzbekistan”ın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ismoiljon Isamuxamedovla keçirilən görüşdə iki ölkənin startap ekosistemlərinin əlaqələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi üzrə perspektivlər müzakirə edilib. Tərəflər tarixi İpək Yolunun müasir iqtisadi təzahürü kimi Orta Dəhliz boyunca formalaşan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

"Enterprise Uzbekistan" ofisində isə qurumun Qlobal biznesin inkişafı üzrə vitse-prezidenti Bokhodir Ayupov və digər nümayəndələrlə dəyirmi masa təşkil olunub. Tədbirdə innovasiya ekosistemi iştirakçıları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək birgə təşəbbüslərin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb. “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov ilə "Enterprise Uzbekistan"ın vitse-prezidenti Bokhodir Ayupov startapların qlobal bazarlara çıxışı və investisiya əməkdaşlığı istiqamətlərində kommunikasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşlərdə “Enterprise Azerbaijan” portalının tərəfdaşlığı ilə keçiriləcək “TEI Forum 2026” tədbiri çərçivəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Forum çərçivəsində “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya proqramının yekun “Demo Day” tədbiri keçiriləcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az