26 may 2026, 18:45

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Dövlət Proqramı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində maliyyə xidmətlərinə əlçatanlığın artırılması, rəqəmsal maliyyə həllərinin genişləndirilməsi və inklüziv maliyyə ekosisteminin inkişafını hədəfləyir.

Dövlət Proqramının əsas məqsədi əhali və mikro, kiçik və orta biznes subyektləri üçün maliyyə xidmətlərinə əlçatanlığın artırılması, maliyyə savadlılığının gücləndirilməsi, maliyyə məhsullarının keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, eləcə də maliyyə xidmətlərindən bərabər və şəffaf istifadənin təmin edilməsidir.

Sərəncamla Mərkəzi Bank Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və icrasına nəzarət etməli, eləcə də tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin 2027–2030-cu illər üzrə dövlət büdcəsi proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az