25 may 2026, 18:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi aqrar sektorun ölkənin sosial-iqtisadi inkişaf gündəliyində strateji mövqeyini bir daha göstərir. Müşavirədə dövlət başçısı kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının hazırlanması və qəbulunun zəruriliyini xüsusi vurğulayıb, proqramın hərtərəfli, konkret, qısamüddətli və həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə edən sənəd olmalı olduğunu qeyd edib. Bu yanaşma aqrar sahədə növbəti mərhələnin daha çox məhsuldarlıq, səmərəlilik, özünütəminetmə və investisiya fəallığı üzərində qurulacağını göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, müşavirədə verilən əsas mesajlardan biri aqrar sektorun inkişafında “keyfiyyət və məhsuldarlıq artımı” mərhələsinə keçidin zəruriliyidir. Onun sözlərinə görə, son 20 ildə regionlarda həyata keçirilmiş infrastruktur layihələri kənd təsərrüfatı üçün mühüm baza formalaşdırıb. Qazlaşma, elektrik təchizatı, avtomobil yolları, su anbarları və kanalların inşası kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsinə, fermerlərin istehsal imkanlarının artmasına və regionlarda məşğulluğun dəstəklənməsinə şərait yaradıb.

Qeyd edək ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bunun 6 milyard 748,5 milyon manatı bitkiçilik, 7 milyard 441 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. 2025-ci ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatı istehsalı 0,9 faiz artıb. Kənd təsərrüfatı məhsulunun strukturunda bitkiçiliyin payı 47,6 faiz, heyvandarlığın payı isə 52,4 faiz təşkil edib.

Əbdülrəhim Dadaşov qeyd edib ki, aqrar sektorun makroiqtisadi və sosial əhəmiyyəti onun ÜDM və məşğulluqdakı payında da özünü göstərir. 2025-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsulunda payı 5,9 faiz olub. Eyni zamanda, Azərbaycan əhalisinin 45,6 faizinin kənd yerlərində yaşaması, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın ümumi məşğulluqda 35 faiz paya malik olması bu sahənin regionların inkişafı və sosial rifah baxımından xüsusi çəkisini artırır.

Kənd təsərrüfatı məhsullarının ixracında müşahidə olunan dinamika da sektorun qeyri-neft ixracının genişləndirilməsi baxımından potensialını göstərir. 2025-ci ildə 1 milyard 108,9 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu göstərici 2024-cü illə müqayisədə 18,5 faiz artıb. Pomidor, fındıq ləpəsi, mahlıc, xurma və alma ən çox ixrac edilən beş kənd təsərrüfatı məhsulu olub. Bu göstəricilər aqrar sektorun yalnız daxili bazarın təminatı deyil, həm də ixrac gəlirlərinin artırılması baxımından əhəmiyyətini nümayiş etdirir.

İİTKM-in şöbə müdiri müavini əlavə edib ki, müşavirədə səsləndirilən rəqəmlər aqrar sahədə həm uğurları, həm də həllini gözləyən məsələləri aydın göstərir. Bir tərəfdən, tərəvəz, bostan məhsulları, meyvə-giləmeyvə, yumurta, şəkər və duz kimi məhsullar üzrə yüksək özünütəminetmə səviyyəsi formalaşıb. Digər tərəfdən, buğda, bitki yağları, kərə yağı, quş əti, mal əti və bəzi digər məhsullar üzrə idxaldan asılılığın qalması ərzaq təhlükəsizliyi baxımından əlavə istehsal və investisiya imkanlarını gündəmə gətirir.

Müşavirədə xüsusi vurğulanan istiqamətlərdən biri buğda istehsalı ilə bağlı olub. Prezident bildirib ki, ölkə buğda ilə özünü təxminən 55 faiz səviyyəsində təmin edir və bu göstəricinin uzun müddət eyni səviyyədə qalması qəbuledilən deyil. Daxili istehsalın 1 milyon 573 min ton, idxalın isə 1 milyon 267 min ton olması bu sahədə məhsuldarlığın artırılması, toxumçuluğun inkişafı, müasir suvarma texnologiyalarının tətbiqi və iri təsərrüfat modellərinin səmərəliliyinin yüksəldilməsi zərurətini göstərir. Burada əsas hədəf mütləq şəkildə 100 faizlik təminat deyil, mövcud torpaq və su resursları nəzərə alınmaqla idxaldan asılılığın daha rasional səviyyəyə endirilməsidir.

Əbdülrəhim Dadaşov bildirib ki, ərzaq təhlükəsizliyi yalnız istehsal həcmi ilə ölçülmür. Bu sahədə əsas məsələ istehsalın dayanıqlılığı, məhsuldarlıq, saxlama imkanları, logistika, emal və bazarlara çıxışdır. Ölkədə tərəvəz üzrə özünütəminetmə səviyyəsinin 107 faiz, bostan məhsulları üzrə 104 faiz, meyvə-giləmeyvə üzrə 140 faiz olması göstərir ki, düzgün ixtisaslaşma və bazar yönümlü istehsal modeli tətbiq edildikdə Azərbaycan aqrar məhsullar üzrə ixrac imkanlarını genişləndirə bilir. Lakin bu üstünlük daha çox xammal və ilkin məhsul ixracı ilə məhdudlaşdıqda əlavə dəyər potensialı tam reallaşmır.

Bu baxımdan müşavirədə emal sənayesinin inkişafı xüsusi önəm daşıyan istiqamət kimi çıxış edir. Prezident pambıqçılıq nümunəsində qeyd edib ki, məqsəd yalnız pambıq və mahlıc ixrac etmək deyil, iplik və hazır məhsul istehsalını genişləndirməkdir. Bu yanaşma aqrar sektorda yeni iqtisadi məntiqi ifadə edir: məhsul tarlada deyil, dəyər zəncirinin son mərhələsində daha yüksək gəlir yaradır. Ona görə də pambıqçılıq, meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, üzümçülük, heyvandarlıq və balıqçılıq kimi sahələrdə emal güclərinin artırılması qeyri-neft ixracının genişləndirilməsi üçün mühüm istiqamət hesab olunur.

İİTKM-in şöbə müdiri müavini qeyd edib ki, bu yanaşma aqrar siyasətdə intensiv artıma keçidin əsas göstəricisidir. Əgər əvvəlki mərhələlərdə əsas məsələ əkin sahələrinin genişləndirilməsi və istehsalın bərpası idisə, indiki mərhələdə əsas prioritet eyni torpaq, su və əmək resursları ilə daha çox məhsul əldə etməkdir. Bu isə dəqiq əkinçilik, torpaq analizləri, peyk məlumatları, süni intellekt, müasir suvarma sistemləri, keyfiyyətli toxum və gübrə təminatı kimi alətlərin daha geniş tətbiqini tələb edir.

Beləliklə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsi aqrar sektorun inkişafında yeni keyfiyyət mərhələsinə keçidin siyasi və iqtisadi əsaslarını ortaya qoyub. Müşavirədə qeyd olunan yeni Dövlət Proqramı da məhz bu keçidin praktiki çərçivəsini formalaşdırmağa yönəlib. Proqramın qısamüddətli, konkret və investisiya əsaslı olması, həm dövlət vəsaitlərini, həm də özəl sektorun fəal iştirakını nəzərdə tutması qarşıdakı dövrdə aqrar siyasətin daha nəticəyönümlü icrasına imkan verə bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az