25 may 2026, 11:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Vyana Beynəlxalq İnstitutu və BVF-nin Bacarıqların İnkişafı İnstitutu ilə birgə təşkil olunmuş “Fiskal çərçivələr” mövzusunda beynəlxalq proqramda iştirak edib.

Vyana şəhərində keçirilən proqramda Asiya və Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, mərkəzi bankların, islahat agentliklərinin nümayəndələri, eləcə də beynəlxalq maliyyə institutlarının aparıcı ekspertləri iştirak ediblər. 

İki həftə davam edən proqram çərçivəsində fiskal çərçivələrin formalaşdırılması, büdcə kəsiri meyilləri, fiskal qaydalar, monetar və fiskal siyasətin qarşılıqlı əlaqələri, dövlət borcunun dayanıqlılığı və fiskal uyğunlaşma istiqamətləri üzrə mühazirə və praktiki sessiyalar keçirilib. Təlim zamanı iştirakçılar ümumi tarazlıq yanaşması əsasında fiskal siyasətin vahid makroiqtisadi çərçivə daxilində təhlili və qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər əldə ediblər.

Bu proqramda iştirak İİTKM-in qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və Azərbaycanın iqtisadi siyasətinin analitik əsaslarının gücləndirilməsi istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az