02 sentyabr 2021, 11:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Amerika Birləşmiş Ştatlarının Nevada Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq Sazişində fakültə müəllimlərinin səfərləri, mübadilə proqramları, birgə tədqiqat fəaliyyətləri, seminarlar və akademik iclaslarda iştirak, akademik materialların və digər məlumatların mübadiləsi və qısa-müddətli akademik proqramlar əməkdaşlıq sahələri kimi müəyyən olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Nevada Universiteti qloballaşan və biliklərə əsaslanan iqtisadiyyatda sürətli innovasiyanı rifahın əsas amili kimi qəbul edir. Bu məqsədlə universitetdə yaradılmış İnnovasiya Ekosistemi kommersiyalaşdırma, regional əməkdaşlıq və fakültələr arasında rəqabəti prioritet seçərək universiteti sənaye və sahibkarlarla birləşdirir, iqtisadi inkişafa və iş yerlərinin yaradılmasına əhəmiyyətli dərəcədə kömək edir və eləcə də, tələbə və fakültə səviyyələrində startapların yaradılmasına dəstək verir. İndiyədək İnnovasiya Ekosistem startapları tərəfindən $70 milyondan artıq məbləğində vəsait və 150-dən artıq şirkət cəlb edilib. Hazırda İnnovasiya Ekosistemində 20-dən artıq şirkət Universitetin özündə fəaliyyət göstərir ki, bunun vasitəsilə 300-dən çox iş yeri yaradılıb. Universitetdə yaradılan “Reno-Tahoe” adlı qlobal texniki hab Apple, Google, Tesla, Amazon, Tesla Gigafactory, Microsoft Licensing, Switch, Panasonic, Sierra Nevada Corporation kimi sənaye liderlərinin təmsil olunduğu texnologiya mərkəzidir.

Nevada Universitetinin Beynəlxalq Biznes Proqramları üzrə məsul direktoru professor, Mehmet Serkan Tosun bildirib ki, sazişin imzalanmasında əsas məqsəd Nevada Universitetinin İqtisadiyyat Fakültəsinin elmi işçiləri və İİTKM-in tədqiqat qrupu ilə birgə iqtisadi təhlil və tədqiqatların aparılması sahəsində çalışmaq, Mərkəzin iqtisadi tədqiqatlar potensialını artırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Qeyd edilməlidir ki, Nevada Universiteti 1874-cü ildə Amerika Birləşmiş Ştatlarının Nevada ştatında yaradılıb və hər il 5100 nəfər tələbə bu universitetdən məzun olmaqla, ümumilikdə 150-dən artıq dərəcə və sertifikatlar verilir.  2019-cu ildə Nevada Universiteti ali təhsil müəssisəsi üçün ən prestijli fəxri adlardan biri olan  “R1- ən yüksək səviyyəli tədqiqat fəaliyyətinə malik ali təhsil müəssisəsi” kimi Ali Təhsil Müəssisələrinin Karnegi Təsnifatı tərəfindən 130 universitetdən biri olaraq seçilib. Bu xüsusilə müstəsna səviyyədə tədqiqat fəaliyyətinə malik doktorantura təhsili verən universitetlər üçün nəzərdə tutulur. Hazırda Nevada Universitetində 60-dan çox tədqiqat mərkəzi və laboratoriya fəaliyyət göstərir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az