İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı, Gənclər və İdman Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə “Farm2Tour” hakatonu keçirilib. Aqroturizm sahəsində mövcud problemlərin innovativ həllinə yönəlmiş layihə çərçivəsində startap komandaları 36 saat ərzində hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim ediblər. Sonda ən uğurlu üç startap qalib elan olunub.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov münsiflər heyətinin üzvü kimi startap layihələrinin qiymətləndirilməsində iştirak edib, ideyaların biznes potensialının müəyyənləşdirilməsinə töhfə verib.
Tərəfdaşlıq çərçivəsində qalib komandaların “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramına finalçı qismində qəbul olunması nəzərdə tutulub. Bu proqrama qoşulmaqla iştirakçılar beynəlxalq mentorlar, investorlar və innovasiya mərkəzləri ilə əməkdaşlıq imkanları əldə edəcəklər.
Qeyd edək ki, “Farm2Tour” layihəsi çərçivəsində İİTKM-in əməkdaşları hakaton yarışına hazırlıq məqsədilə təlimçi və mentor qismində iştirakçılara dəstək göstəriblər.