18 may 2026, 17:27

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti rüblük iclası keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri Lətif Zeynallı iclasda iştirak edib.  

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə təkmilləşdirmələrin və kommunikasiya tədbirlərinin həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi çərçivəsində birinci rüb üzrə görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

“Vergi və hesabatlılıq” işçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxış edərək Yol Xəritəsinin icra vəziyyəti barədə məlumat verib. Yol Xəritəsində sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə aktual istiqamətlər üzrə yeni tədbirlərin müəyyən edildiyi qeyd olunub.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev biznes mühitinin inkişafı, şəffaflığın artırılması və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.

İclas çərçivəsində Yol Xəritəsində nəzərdə tutulan islahat tədbirləri barədə məlumatlar təqdim olunub. Mikrosahibkarlar üçün “Sadələşdirilmiş verginin bəyannaməsi”nin əvvəlcədən doldurulması (pre-filing) mexanizminin təkmilləşdirilməsi, bu yanaşmanın ƏDV bəyannamələrinə tətbiqi, ƏDV bəyannaməsi əlavələrinin onlayn doldurulması, elektron portal və mobil tətbiqdə xidmətlərin genişləndirilməsi, kameral vergi yoxlamalarının təkmilləşdirilməsi, eləcə də elektron uyğunsuzluqlar barədə vergi ödəyicilərinin əvvəlcədən məlumatlandırılması ilə pro-aktiv modelə keçid kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Özəl sektor nümayəndələri və ekspertlər tərəfindən səsləndirilən təkliflər dinlənilib, vergi inzibatçılığının təkmilləşdirilməsi və Yol Xəritəsində müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Yekunda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və effektiv icrasının vacibliyi vurğulanıb, işçi qrupunun üzvləri arasında koordinasiyalı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin vergitutma sahəsində yeniliklərlə bağlı biznes konsaltinq şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyi bildirilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az