İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Bakı şəhərində keçirilən III Beynəlxalq Türk Dünyası Gənc Alimlər Konqresində çıxış edib.
“Keçmişin mirası, gələcəyin inşası” mövzusuna həsr olunan tədbirdə Türk dünyasının ortaq tarixi, elmi-intellektual irsi, regional əməkdaşlıq perspektivləri, müasir qlobal çağırışlar və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
İlyas Hüseynov “Qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatının siyasi təhlükəsizlik sahəsində qlobal sülh və sabitliyə töhfəsi” (“The Contribution of the Organization of Turkic States to Global Peace and Stability in the Field of Political Security in Times of Uncertainty”) mövzusunda məruzə ilə çıxış edib. O, qlobal qeyri-sabitlik şəraitində Türk dünyası ölkələri arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb, birgə akademik araşdırmaların və elmi müzakirələrin regional sabitliyin möhkəmləndirilməsi, eləcə də davamlı inkişafın təşviqi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da daxil olmaqla 22 ölkədən 156 universitet və qurumu təmsil edən 400-dək alim iştirak edib. Konqres çərçivəsində dil və ədəbiyyat, kommunikasiya, təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat, sosiologiya, fəlsəfə, psixologiya, hüquq, siyasi elmlər və beynəlxalq münasibətlər, ilahiyyat, idman, təbiət və riyaziyyat elmləri, tarix, mühəndislik və səhiyyə kimi bir çox sahələr üzrə elmi müzakirələr aparılıb.