İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Beş qitə - 500 startap” proqramı çərçivəsində növbəti təlim və infosessiya Azərbaycan Tibb Universitetində (ATU) keçirilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4” proqramını təqdim edərək layihənin məqsədləri, iştirak mexanizmi, seçim mərhələləri və təqdim olunan imkanlar barədə məlumat verib. O, startapların formalaşmasında ideya - ehtiyac - bacarıqlar yanaşmasının (INC) əhəmiyyətini diqqətə çatdırıb.
Sonra iştirakçılara startap fəaliyyəti və innovasiya ekosistemi haqqında geniş məlumat verilib, bu sahədə qlobal trendlər, innovativ yanaşmalar və gənclər üçün yaranan yeni imkanlar izah olunub. Xüsusilə səhiyyə sahəsində innovasiyaların və startapların rolu, texnologiya əsaslı həllərin tibbi xidmətlərin inkişafına təsiri vurğulanıb.
Təlim və infosessiya interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb, onların ideyaları dinlənilib və startapların inkişaf istiqamətləri üzrə ilkin müzakirələr aparılıb.
Qeyd edək ki, “Startup School 4” proqramı yerli və qlobal ekosistemin 40-dan çox oyunçusu, o cümlədən 9-u vençur fond olan tərəfdaşlar ilə birlikdə keçirilir. Proqramın ən uğurlu 50 startapı yekunda keçiriləcək "demo day" tədbirində investorlara təqdim ediləcək. "Demo day" tədbiri "TEI Forum" çərçivəsində keçiriləcək.
Qeydiyyat 15 may tarixinədək davam edir.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register