04 may 2026, 12:10

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı 5–8 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” tədbirində tərəfdaş qismində iştirak edəcək. Bu, regionun aqrar və qida sənayesi üzrə ən nüfuzlu tədbiridir.

“Azexport” portalı sərgidə M122 nömrəli stenddə təmsil olunacaq. Burada sahibkarlara və istehsalçılara platformada qeydiyyat, məhsulların xarici bazarlara çıxarılması, elektron ticarət imkanları və ixrac proseslərinin sadələşdirilməsi istiqamətində ətraflı məlumat veriləcək. Eyni zamanda, iştirakçılarla fərdi görüşlər keçirilərək, ixrac imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkətin iştirakı təsdiqlənib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çin, Gürcüstan, Fransa, Hindistan, İspaniya, İsveç, İtaliya, Niderland, Polşa, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri əhatə edir. Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgidə milli qruplar formatında iştirak edəcək, Afrika ölkələrini təmsil edən AFAZ platforması çərçivəsində isə bir sıra ölkələrin şirkətləri vahid stenddə təqdim olunacaq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az