İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türk Strateji Düşüncə Mərkəzinin (TÜMER) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə TÜMER idarə heyətinin sədri Onur Beyhan, idarə heyətinin üzvü Görkem Sırmalı və xarici əlaqələr üzrə koordinatoru Oktay Hacımusalı, İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova iştirak ediblər.
TDAM rəhbəri İlyas Hüseynov qonaqları salamlayaraq Türk dünyasında iqtisadi tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb, İİTKM-in bu istiqamətdə həyata keçirdiyi ardıcıl fəaliyyət barədə məlumat verib. O bildirib ki, TÜMER ilə bundan sonra sıx əməkdaşlıq qurulacaq, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində fəaliyyət davam etdiriləcək. Qonaqlara “Türk dövlətlərinin rəqəmsal iqtisadiyyatı: qlobal trendlər və regional reallıqlar” kitabı haqqında məlumat verilib və kitabın yazılmasında əməkdaşlıq təklif olunub.
Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın əhəmiyyətinə toxunub və bu istiqamətdə əməkdaşlığa diqqət çəkib.
TÜMER-in idarə heyətinin sədri Onur Beyhan rəhbərlik etdiyi qurumun Türk dünyasında strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib.
Oktay Hacımusalı isə beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq belə görüşlərin qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq layihələrin icrası baxımından gələcək perspektivlərin geniş olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara İİTKM-in nəşri olan “Türk dövlətləri iqtisadiyyati” kitabı təqdim olunub.