İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanda istehsal olunan malların istehsalçıları barədə məlumatların əks olunacağı İnternet portalın hazırlanması istiqamətində müəyyən işləri yekunlaşdırıb. Hazırda portalın funksionallığının daha da artırılması ilə bağlı müzakirələr aparılır. Portalın texniki icra məsələlərinin icrasının aparıldığı ərəfədə İİTKM beynəlxalq tərəfdaşları da mübadilə üçün ölkəmizə dəvət edir. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının eksperti Goran Sumkovski də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə texniki dəstək vermək üçün Azərbaycana gəlib. Bu gün G. Sumkovski İnternet portalın rəhbəri Zaur Qardaşovla, eləcə də portalın yaradılmasına dəstək verən digər qurumlarla müzakirələr aparıb. G.Sumkovski bildirib ki, portalla bağlı görülən işlərin indiki mərhələsində effektivliyi artırmaq üçün xarici təcrübəyə də nəzər yetiriləcək. Həmçinin portalın xarici portallara interqrasiyasını təşkil etmək və investisiya həcmini artırmaq məqsədi ilə strategiya hazırlanacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında 21 sentyabr 2016-cı il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etmək barədə tapşırıq verilib.