14 aprel 2026, 10:46

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşəbbüsü olan “Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir. Layihə 21-22 aprel tarixlərində NDU-da keçiriləcək təlim və mentorluq xidmətləri ilə başlayacaq.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov tərəfindən keçiriləcək təlimlərdə universitetin professor-müəllim və inzibati heyəti, eləcə də tələbə və magistrantlardan ibarət nümayəndələrin iştirakı nəzərdə tutulur. Təlim və mentorluq mərhələsində iştirakçılara startapların formalaşdırılması, biznes model quruculuğu, bazar araşdırması, məhsulun validasiyası, maliyyələşmə imkanları və təqdimat bacarıqları kimi mövzularda praktiki bilik və bacarıqların aşılanması nəzərdə tutulur.

“Startup School Naxçıvan” layihəsi “Startup School 4: Five Continents - 500 Startups” proqramı çərçivəsində həyata keçirilərək, regionda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Layihənin əsas məqsədi universitet mühitində innovativ düşüncəni təşviq etmək, ideyaların kommersiyalaşdırılmasını dəstəkləmək, universitet-sənaye əməkdaşlığını gücləndirmək və Naxçıvanda dayanıqlı mentor şəbəkəsinin formalaşdırılmasına şərait yaratmaqdır.

Proqram çərçivəsində keçiriləcək təlim və mentorluq xidmətləri aprel-may ayları ərzində həm oflayn, həm də onlayn formatda davam etdiriləcək.

  Layihə çərçivəsində həmçinin peşəkar mentor və spikerlərin iştirakı, regional mentor şəbəkəsinin yaradılması, tərəfdaş və sponsorlarla əlaqələrin qurulması,eləcə də media dəstəyinin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, universitet kollektivi üçün sənaye əməkdaşlığı və elmin kommersiyalaşdırılması istiqamətində xüsusi təlimlərin təşkili də istisna edilmir.

 Layihə nəticəsində Naxçıvan regionunda innovasiya və startap mədəniyyətinin daha da güclənməsi, universitet bazasında kommersiyalaşdırıla bilən layihələrin formalaşması və və regionun qlobal startap platformalarına inteqrasiyasının sürətlənməsi gözlənilir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az