07 aprel 2026, 17:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türkiyə Respublikasının Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin (Invest in Türkiye) birgə təşkilatçılığı ilə Azərbaycana həyata keçirilən iki günlük işgüzar səfər uğurla başa çatıb. Səfər Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, kapital bazarları, investisiya və innovasiya sahələrində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açıb.

Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin Maliyyə Departamentinin rəhbəri Tarık Akının rəhbərliyi ilə “Azərbaycan Müştərək Kapital Bazarları Proqramı” çərçivəsində qardaş ölkədən nüfuzlu dövlət nümayəndələri və aparıcı biznes liderlərindən ibarət 28 nəfərlik nümayəndə heyəti Bakıda bir sıra mühüm görüşlər keçirib.

Nümayəndə heyəti səfər müddətində İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu (SOFAZ), SOCAR, “PASHA Holding”, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, “Azər-Türk Bank”, Azərbaycan Beynəlxalq Bankı və digər aparıcı dövlət və özəl qurumlarda yüksək səviyyəli görüşlərdə iştirak edib. Görüşlərdə maliyyə bazarlarının inkişafı, iştirak maliyyəsi alətlərinin tətbiqi, investisiya mühitinin yaxşılaşdırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətləri geniş müzakirə olunub.

Səfərin koordinatoru, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, bu təşəbbüs Azərbaycanın investisiya cəlbediciliyinin daha da artırılmasına xidmət edir. Səfərdə iştirak edən şirkətlər sırasında “Dünya Katılım (DK) Varlık Kiralama A.Ş.”, “Golden Global Yatırım Bankası A.Ş.”, “Kuveyt Türk Portföy Yönetimi A.Ş.”, “Arz Gayrimenkul ve Girişim Sermayesi Portföy Yönetimi A.Ş.”, “Katılım Emeklilik Hayat A.Ş.”, “Türkiye Katılım Sigorta A.Ş.”, “Fon Angels Girişim Kitle Fonlama A.Ş.”, “Fongogo Kitle Fonlama Platformu A.Ş.”, “İnnova Bilişim Çözümleri A.Ş.”, “İnsha Ventures Teknoloji Geliştirme ve Pazarlama A.Ş.”, “Mehr Bilişim Teknolojileri A.Ş.”, “PayPorter Ödeme Hizmetleri ve Elektronik Para A.Ş.” və “TriO Blockchain Labs” kimi iri və innovativ şirkətlərin rəhbər şəxsləri yer alıb. Bu şirkətlərin dövriyyələri milyon dollarlarla ölçülür. Onların Azərbaycanla əməkdaşlığa yüksək maraq göstərməsi və keçirilən görüşlərin konkret nəticələrə yönəlməsi, səfərin real iqtisadi dəyərini bir daha təsdiqləyir.

Səfər çərçivəsində keçirilən görüşlər yalnız mövcud əməkdaşlıq istiqamətlərinin möhkəmləndirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda yeni investisiya platformalarının yaradılması, startap ekosisteminin inkişafı, fintek və rəqəmsal maliyyə texnologiyaları sahəsində birgə təşəbbüslərin formalaşdırılması üçün də zəmin yaradıb. Səfər Azərbaycan ilə Türkiyə arasında iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsi, qarşılıqlı investisiya axınlarının genişləndirilməsi və regional maliyyə mərkəzi kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az