17 mart 2026, 12:36

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Qubada “Şəhərsalma sahəsində startap və innovasiya ideyalarının formalaşdırılması” mövzusunda təlim keçib. Təlim zamanı müxtəlif ali təhsil müəssisələrindən cəlb olunmuş 150-dən çox tələbəyə şəhər mühitində innovativ yanaşmaların tətbiqi, startap ideyalarının formalaşdırılması və onların real problemlərin həllinə yönəldilməsi istiqamətində praktiki biliklər təqdim olunub.

İsa Qasımov “Enterprise Azerbaijan” portalının “Startup School 4: beş qitə, 500 startap” layihəsi ilə bağlı məlumat verib. Gənclər startap ekosistemində aktiv iştiraka və innovativ ideyalarını inkişaf etdirmək üçün mövcud imkanlardan yararlanmağa dəvət olunublar.

Təlim 12–17 mart 2026-cı il tarixlərində Quba Olimpiya Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, BMT-nin Məskunlaşma Proqramının təşkil etdiyi Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının tərəfdaşlığı ilə həyata keçirilən “Bizim Şəhərlər: Gənclərin Baxışı” layihəsi çərçivəsində təşkil olunan düşərgə çərçivəsində baş tutub. Layihə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən icra olunur və 2026-cı ilin “Şəhərsalma və Arxitektura İli”nə həsr olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az