06 avqust 2021, 18:16

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) arasında əməkdaşlıq məsələlərinin genişləndirilməsinə dair görüş keçirilib. Görüş vebinar formatında keçirilib və görüşdə rəqəmsal transformasiya, yaşıl inkişaf, regional əməkdaşlıq, davamlı iqtisadi artım kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı qarşı tərəfə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan sistemli iqtisadi islahatlar nəticəsində beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yaxşılaşdırılması barədə məlumat verilib. Həmçinin, islahatların hazırlanması, həyata keçirilməsi, geniş miqyaslı tədqiqat və strateji inkişaf layihələrinin realizasiyası, monitorinq və qiymətləndirilməsi sahəsində İİTKM-in fəaliyyəti barədə qarşı tərəfə məlumat verilib.

Eyni zamanda, görüşdə CAREC-lə ortaq tədqiqat və inkişaf layihələrinin icrası, birgə tədbirlərin keçirilməsi, bacarıqların artırılması və s. kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib.

Görüşdə İİTKM-in İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri Rəşad Hüseynov, Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və Strateji planlaşdırma və inkişaf departeminin rəhbəri Ayaz Museyibov iştirak edib. CAREC İnstitutunun nümayəndələrindən isə baş iqtisadçı Hans Holzhacker, araşdırma üzrə mütəxəssis Şahboz Əhmədov, mütəxəssis Rövşən Mahmudov, iqtisadçı doktor Kamalbek Karymshakov, Araşdırma departamentinin rəhbəri doktor Qaisar Abbas görüşə qoşulub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az