03 avqust 2021, 15:27

Dünya Bankı “Ali Audit Qurumlarının Müstəqilliyi İndeksi” üzrə ölkələrin reytinqini açıqlayıb. Müvafiq hesabata əsasən Azərbaycan Dünya Bankı tərəfindən ali audit qurumunun, yəni Hesablama Palatasının müstəqilliyi parametrlərinə görə dünya miqyasında ən yaxşı performans göstərən ölkələrdən biri seçilib. Bu barədə İİTKM-in departament rəhbəri Ayaz Müseyibov məlumat verib.

Hesabatın təhlili onu göstərir ki, qlobal miqyasda cəmi 2 ölkə 10 bal nəticə əldə etməklə “ən yüksək müstəqil”lik meyarına cavab verə bilibdirsə, 17 ölkənin audit qurumu “yüksək səviyyədə müstəqil”, 33 ölkənin “əsasən yüksək yüksək”, 37 ölkənin “orta səviyyədə yüksək”, 29 ölkənin audit qurumu isə “aşağı səviyyədə müstəqil” olaraq qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın ali audit qurumunun fəaliyyəti 9-9,5 bal səviyyəsində olmaqla “yüksək müstəqillik səviyyəsi”ndə qiymətləndirilib ki, bu da ali audit qurumunun müstəqillik üzrə beynəlxalq indikatorların əksəriyyətinin tələblərinə yüksək səviyyədə cavab verdiyini göstərir. Əlavə olaraq bildirək ki, region ölkələrindən Türkiyə, Gürcüstan və Rusiya da Azərbaycanla eyni qrupda yer alıb, Moldova, Özbəkistan, Ermənistan, Qırğızıstan, Ukrayna, Belarus, Qazaxıstan və Tacikistan isə müvafiq ardıcıllıqla daha aşağı yer tutublar.

Dünya Bankının ekspertləri tərəfindən 118 ölkənin qiymətləndirildiyi hesabatda 1977-ci il tarixli Lima Bəyannaməsinə əsasən qlobal miqyasda ali audit qurumlarının müstəqilliyinin təmin edilməsinin zəruriliyinə diqqət çəkilir. Belə ki, müstəqil və effektiv audit qurumlarının fəaliyyəti yaxşı idarəetmə, şəffaflıq və hesabatlılığın təşviq edilməsində kritik rol oynayır, dayanıqlı inkişaf məqsədləri üzrə icra edilən tədbirlərin monitorinqinə müsbət töhfələr verirlər. Bu baxımdan audit qurumlarının müstəqilliyi xüsusi önəm kəsb edir. Bununla yanaşı, qlobal miqyasda audit prosedurlarına siyasi müdaxilələr, zəruri məlumatlara çıxışda problemlər, audit üzrə aşkara çıxarılmış boşluqların aradan qaldırılmasında audit qurumlarının səlahiyyətinin olmaması, parlamentlə zəif əlaqələr və s. əsas çağırışlar kimi qeyd olunmaqdadır.

Qeyd edək ki, müvafiq hesabatın metodoloji əsasını beynəlxalq audit standartları, təcrübə, hüquqi, maliyyə, mandat, əhatə dairəsi məsələləri də daxil olmaqla, ümumilikdə 10 indikator təşkil edir. Daha detallı qeyd etsək, bu indikatorlar konstitusiya və hüquqi çərçivə, ali audit qurumunun rəhbərinin təyin edilməsində şəffaflıq, maliyyə muxtariyyəti, auditin növləri, əməliyyat muxtariyyəti, əməkdaşların səlahiyyət muxtariyyəti, audit mandatı, auditin əhatə dairəsi üzrə muxtariyyət, məlumatlara çıxış, audit hesabatı üzrə hüquq və öhdəliklərdir. Ən yüksək qiymətləndirmə meyarı 10 bal təşkil edir ki, bu da qiymətləndirilən qurumun müstəqillik üzrə bütün meyarlara cavab verdiyini göstərir.

Məlumat üçün qeyd edək ki, “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı da audit qurumlarının müstəqilliyini “Açıq Büdcə Sorğusu” hesabatı əsasında 2 ildən bir periodik əsasda qiymətləndirir. Ən son açıqlanmış hesabata əsasən Azərbaycan audit prosedurların icra olunmasına görə 89 balla qiymətləndirilmiş və ölkədə audit prosedurlarının adekvat aparılması qeyd olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az