29 yanvar 2021, 10:54

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayı təqdim edilib. 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13, 7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olub. Qeyri-neft sektoru üzrə ixrac 2019-cu il ilə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2 faiz azalıb.

   2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana  127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

   2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon,  pambıq ipliyi ixracı 19 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı  24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.

   2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci il  ərzində meyvə-tərəvəz ixracı 0,3 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 34 faiz, şəkər ixracı 0,1, pambıq lifi ixracı 7,5 faiz artıb.

 2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 213,5 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 31.4 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 23,1 faiz çoxdur. 2020-ci ilin dekabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 34,4 faiz, qeyri-yeyinti sektoru üzrə isə 65,6 faiz təşkil edib.

2020-ci ilin dekabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (62.8 milyon ABŞ dolları), Türkiyəyə (57.3 milyon ABŞ dolları), İsveçrəyə (23.5 milyon ABŞ dolları), Gürcüstana (10.7 milyon ABŞ dolları) və Özbəkistana (7.6 milyon ABŞ dolları)  ixrac edilib.

 2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (26.7 milyon ABŞ dolları) birinci, qızıl (21.9 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (21.3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2020-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Almeyvə" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC,  "Baku Steel Company", “Aqrovest” MMC və " P-Aqro" MMC.

 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC və Naxçıvan MR Dövlət Energetika Xidməti.

 2020-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 3,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-dekabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

  “İxrac İcmalı”nda məlumat verilib ki, koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub. Bunun nəticəsində 2020-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 27.9 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparıb.

  “İxrac İcmalı”nda 2020-ci ilin yanvar-dekabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 610,8  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5  milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə kimi (48 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 195,6 milyon ABŞ dolları təşkil edib.    

 “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 8,8 milyon ABŞ dolları olub. 2020-ci il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 182,8 milyon ABŞ dolları təşkil edib.

   Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

"İxrac İcmalı" ilə iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az