26 dekabr 2025, 11:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımovun həmmüəllifi olduğu elmi məqalə beynəlxalq nüfuza malik, “Scopus” indeksli “Global NEST Journal” jurnalında nəşr olunub.

“Performance Modeling and Field Validation of Decentralized Wastewater Treatment Systems in Semi-Arid Azerbaijan: A Pilot Case Study” (Yarımquraq Azərbaycanda mərkəzləşdirilməmiş çirkab suların təmizlənməsi sistemlərinin performans modelləşdirilməsi və sahə təsdiqi: pilot tədqiqat) adlı məqalədə Azərbaycanın yarımsəhra iqlim şəraitinə malik Şamaxı–Qobustan bölgəsində mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin olmadığı kənd yaşayış məntəqələrində məişət çirkab sularının yaratdığı ekoloji risklər təhlil edilib. Tədqiqat çərçivəsində aparılan sahə ölçmələri ÜST standartlarını aşan bioloji və kimyəvi çirkləndirici göstəriciləri (BOD, COD, nitratlar və koliform bakteriyalar) üzə çıxarıb.

Bu problemlərin həlli məqsədilə Təklə kəndi nümunəsində yarımsəhra kənd yerlərində desentralizasiya olunmuş pilot çirkab su təmizləmə sistemi modelləşdirilib. Sistem çirkləndiricilərin azaldılmasında yüksək effektivlik göstərərək BOD üzrə orta hesabla 85%, COD üzrə isə 70% azalma təmin edib. Eyni zamanda hazırlanmış riyazi model real sahə nəticələri ilə yüksək uyğunluq nümayiş etdirib və yanaşmanın digər su qıtlığı olan regionlara tətbiq oluna biləcəyini təsdiqləyib.

Tədqiqat nəticələri Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG 6 – Təmiz Su və Sanitariya, SDG 13 – İqlim Dəyişikliyi ilə Mübarizə) töhfə verən, sərfəli və iqlimə davamlı sanitariya həllərinin praktik nümunəsini təqdim edir.

Qeyd edək ki, məqalənin dərc olunduğu “Global NEST Journal” ətraf mühit elmləri və texnologiyaları sahəsində açıq girişli, “Scopus” indeksli, Q3 kateqoriyalı beynəlxalq elmi jurnaldır və geniş akademik oxucu auditoriyasına malikdir.
 

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

https://journal.gnest.org/publication/gnest_07877


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az