İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “5308.01 - Ümumi iqtisadiyyat” ixtisası üzrə bu dərəcəyə layiq görülüb.
Ayaz Museyibov Azərbaycan, ABŞ, İtaliya, İngiltərə, Türkiyə, Bolqarıstan, Belçika və s. ölkələrdə çap edilmiş 100-dən çox elmi və publisistik məqalənin, 5 kitabın həmmüəllifidir.
O, 2015–2016-cı illərdə Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində və 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank nəzarəti departamentində mütəxəssis, 2018–2019-cu illərdə Azərbaycan Kredit Bürosunun Biznesin inkişafı departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb. 2019–2020-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Səmərəliliyin qiymətləndirilməsi departamentinin baş analitiki, 2020-ci ildən etibarən isə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri olub.
2022–2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində Təhlil və monitorinq şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ayaz Museyibov 2023-cü ilin oktyabr ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müşaviri, 2024-cü ilin avqust ayında isə icraçı direktorun müavini vəzifəsinə təyin edilib.