01 aprel 2017, 17:52

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azexport portalının sahibkarlar üçün təqdimatı ilə bağlı respublika turuna yekun vurdu. Portalın sonuncu görüşü təmas xəttində - Ağdamın Quzanlı qəsəbəsində keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan görüşə Ağdam, Füzuli, Tərtərdən olmaqla 100-dək sahibkar qatılıb.

 Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov portalın indiyə qədər bölgələrdə, xüsusi ilə təmas xəttində fəaliyyət göstərən sahibkarlarla keçirdiyi görüşün əhəmiyyətindən danışıb.

 Bildirib ki, sahibkarlar Azexport portalının imkanlarından yararlanaraq, öz fəaliyyət sahələrinin genişləndirə həmçinin ölkəyə əlavə investiya cəlb edə, həmçinin cəbhə bölgəsində dağıdılmış infrastrukturun bərpasını sürətləndirə bilərlər.

 Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı çıxış edib. O bildirib ki , 4 ay ərzində Bakida və respublikanın rayonlarında ümumilikdə 20-dən artıq görüş keçirilsə də cəbhə bölgəsində Ağdam, Füzuli və Tərtərdən olan sahibkarlarla görüşün xüsusi əhəmiyyəti var. O deyib ki, bu bölgədə sahibkarlığın inkişafı, xüsusən də qeyri-neft ixracına töhfə verməsi Azərbaycan dövlətinin gücünü göstərir. Vüsal Qasımlı həmçinin əlavə edib ki, sahibkarlığın mövqeyinin daha da güclənməsinə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nə uyğun olaraq yeni iqtisadi modelin qurulması, kiçik və orta sahibkarlığın payının artırılması, ixracın təşviqi, xüsusilə “Azexport.az” portalı, eləcə də iş adamlarının ixrac əməliyyatlarının asanlaşması və sürətlənməsinə xidmət edən Rəqəmsal Ticarət Qovşağı kimi tədbirlər öz töhfəsini verib.

 Azexport.az portalının rəhbəri Zaur Qardaşov portal üzərindən istifadə qaydalarını izah edib. Sahibkarlara Azexport-dan istifadə qaydaları barədə yazılı broşür, video təlimat və elektron təlimat təqdim olunub.

Görüşdə Azexport portalı üzərindən sifariş alan bir neçə sahibkar da çıxış edib.

Yerli pambıq istehsalı ilə “CTS-AGRO” MMC-nin Baş Direktorunun müavini Ağahüseyn Qədirov bildirib ki, Azexportla əməkdaşlıq onun təmsil etdiyi quruma yeni imkanlar yaradıb. Qurum portal üzərindən artıq istehsal etdiyi məhsullar ilə bağlı İran və Rusiyadan sifarişlər alıb.

 

Tədbirin Azərbaycan Ordusunun şanlı aprel döyüşlərinin ildönümünə təsadüf etməsi xüsusi olaraq vurğulanıb. Qeyd edək ki, bu Azexport portalının, iqtisadi rayonlarda keçirdiyi səkkizinci yekun görüşdür. İndiyədək portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran, Xaçmaz və İmişlidə sahibkarlarla görüşü baş tutub. Bu görüşlərdə minlərlə sahibkar iştirak edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az