Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə, “Çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib. Sərəncama görə tədbirlər planının 6 əsas istiqaməti müəyyən edilib. Bunlar əsasən çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, ətraf mühiti mühafizə tədbirləri, təhlükəsizlik tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi üzrədir. İstiqamətlər üzrə icraçı qurumlar və icra müddəti də ayrı - ayrı qeyd olunub.