İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Daşkənddə “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində bir sıra beyin mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirib. Bunların arasında Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC), Özbəkistanın İqtisadi Təhlil və İslahatlar İnstitutu, Proqnazlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutu yer alır.
Görüş zamanı V.Qasımlı Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan sistemli iqtisadi islahatlar nəticəsində beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması barədə məlumat verib. O, islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirilməsi sahəsində İİTKM-in təcrübəsini bölüşməklə bərabər, Azranking.az portalı üzərindən islahatların formalaşdırılması və Monitoring.az portalında dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi təcrübəsini xüsusi vurğulayıb.
Eyni zamanda, bu görüşlərdə Azərbaycanla Mərkəzi Asiya və Cənubi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanlarına baxılıb. V.Qasımlı bildirib ki, Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturu, o cümlədən Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası Mərkəzi və Cənubi Asiyanın Avropa ilə olan əlaqələrində böyük imkanlara malikdir.