15 iyul 2021, 09:54

 

Bu barədə İİTKM-in icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Azərbaycan üzrə milli koordinatoru Vüsal Qasımlı məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United nations ESCAP) Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair Qlobal Tədqiqatının cari il üzrə sorğusunun nəticəsi açıqlanıb. V.Qasımlının məlumatına əsasən Azərbaycan 2019-cu il ilə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86.02% ilə  həm qonşu ölkələr (Rusiya 84.95, Gürcüstan 82.8, İran 77.42, Ermənistan 62.37, Türkiyə 86.02), həm də MDB ölkələri ilə müqayisədə lider mövqeyə sahib olmuşdur. Onu da qeyd etmək lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64.95%, inkişaf etmiş ölkələr üzrə isə 81.86%-dir.

Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri aşağıdakı kimidir :

  • Şəffaflıq - 100%;
  • Rəsmi qaydalar - 91,67%;
  • İnstitusional tənzimləmə və əməkdaşlıq - 88,89%;
  • Kağızsız ticarət - 85,19%;
  • Sərhədlərarası kağızsız ticarət - 66,67%

BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən qiymətləndirilən bu göstəricilər üzrə 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 6,67%, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 16,67% artıma nail olunub.

Ümumilikdə, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin də dayanıqlı olduğunu xüsusilə qeyd etmək lazımdır.

. Ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması qlobal müstəvidə də ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az