28 noyabr 2025, 11:07

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov ilə kənd təsərrüfatı avadanlıqları istehsalçısı olan “Agro Systems” şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı şirkətin istehsal etdiyi hava və su ilə soyutma sistemləri, mobil soyuducu anbarlar və rəqəmsal toyuq yetişdirmə kompleksləri barədə geniş təqdimat edilib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, yerli istehsalçılarla əməkdaşlıq Azərbaycanın ixrac potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, “Agro Systems” kimi innovativ şirkətlərə dəstək vermək “Azexport” portalının prioritetlərindəndir: “Biz yerli istehsalın xarici bazarlarda tanıdılması, yeni ixrac kanallarının açılması və rəqəmsal həllərin tətbiqi ilə bağlı şirkətlə əməkdaşlığa hazırıq. Hesab edirik ki, bu məhsullar həm region bazarlarında, həm də daha geniş coğrafiyada rəqabət qabiliyyətli ola bilər.”.

“Agro Systems” şirkətinin direktoru Köçəri Həsənov isə bildirib ki, şirkət tərəfindən hazırlanan avadanlıqlar kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və itkilərin minimuma endirilməsinə xidmət edir. O qeyd edib ki, hazırlanan soyutma sistemləri, mobil soyuducu anbarlar və rəqəmsal toyuq yetişdirmə kompleksləri fermerlərə məhsulu uzun müddət təravətli saxlamaq və quşçuluqda idarəetməni avtomatlaşdıraraq daha səmərəli istehsal imkanı yaradır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və növbəti mərhələdə texnologiyaların ixrac potensialının qiymətləndirilməsi, birgə təqdimatların təşkili və beynəlxalq bazarlara çıxış strategiyasının hazırlanması istiqamətində addımların atılması razılaşdırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az