“Azexport” portalı mövsümi meyvələr üzrə beynəlxalq tələbin artmasını nəzərə alaraq, yerli məhsulların ixrac imkanlarını araşdırmaq və beynəlxalq bazarlara çıxışını təmin etmək məqsədilə Quba və Qusar rayonlarında yerləşən aqrar logistika komplekslərinə səfər həyata keçirib. Səfər çərçivəsində yerli istehsalçılara məxsus məhsulların saxlanması, çeşidlənməsi və ixraca hazırlanması imkanları yerindəcə qiymətləndirilib.
Komplekslərdə saxlanılan alma, armud, xurma, nektarin, heyva kimi məhsullar il boyu təkcə qonşu ölkələrə deyil, həm də Avropa və Körfəz bazarlarına ixrac olunur. Həmçinin müəssisələrdə yeni çeşidləmə və qablaşdırma avadanlıqları istifadəyə verilib. Müəssisələrin hər birində mövsümi olaraq 250-300, daimi əsasda isə 150-dən artıq işçi fəaliyyət göstərir.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, səfərin məqsədi bu bölgədə yetişdirilən məhsulların portalın beynəlxalq müştəri bazasına təqdim olunması və ixrac imkanlarının artırılmasıdır. Portala dünyanın müxtəlif ölkələrindən mütəmadi olaraq ixrac sifarişləri daxil olur, həmçinin “Gələn alıcı” proqramı çərçivəsində xarici nümayəndələr Azərbaycana dəvət edilir.
A.Qədəşov qeyd edib ki, ixracın genişlənməsi üçün təkcə məhsulun keyfiyyəti deyil, onun qablaşdırılması, brendləşdirilməsi və beynəlxalq sertifikatlara uyğunluğu da böyük əhəmiyyət kəsb edir: “Beynəlxalq təcrübə göstərir ki, düzgün qablaşdırılmış və brendləşdirilmiş məhsullar bazarda daha asan və yüksək qiymətə satılır. Məhsulun görünüşü onun bazar dəyərinə birbaşa təsir göstərir”.
Bu səfərlər həm yerli sahibkarlarla təcrübə mübadiləsi, həm də ixrac ekosisteminin təkmilləşdirilməsi üçün yeni layihələrin hazırlanmasına dəstək olur.
Qeyd edək ki, “Azexport” portalında qeydiyyat və ixraca dair konsultasiya xidmətləri tamamilə ödənişsizdir. Portal vasitəsilə həyata keçirilən satışlardan heç bir komissiya tutulmur.