İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda “Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu” mövzusunda panelin moderatoru olub.
Paneldə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan başda olmaqla bir sıra ölkələrdən nümayəndələr çıxış ediblər. Müzakirələrdə regionun çoxəsrlik mədəni və dini irsinin sülh, multikulturalizm və halal turizmin davamlı inkişafına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.
“Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunan builki forumda 30-dan çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, akademik dairələrin təmsilçiləri və sahibkarlar iştirak edir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, fikir və təcrübə mübadiləsinə şərait yaratmaq, həmçinin Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.