03 oktyabr 2025, 15:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən keçirilən “Makroiqtisadi diaqnostika” mövzusunda təlimlər başa çatıb.

Bir həftə davam edən təlimlərdə Azərbaycanın dövlət qurumlarından (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, SOCAR, Dövlət Neft Fondu və s.)  25 nümayəndə  iştirak edib.

Proqram çərçivəsində fiskal və monetar siyasət, inflyasiya dinamikası, borc dayanıqlığı və xarici sektor üzrə makroiqtisadi təhlil bacarıqları tədris olunub. Təlimin sonuncu günündə keçirilən qrup təqdimatlarında iştirakçılar öyrəndikləri modelləri real siyasət ssenarilərinə tətbiq ediblər.

BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial Quruculuğu Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, təlimə ev sahibliyi edən və təşkilati dəstək göstərən İİTKM dövlət sektorunda analitik potensialın gücləndirilməsinə və iqtisadi siyasətin keyfiyyətinin artırılmasına töhfəsini davam etdirir.

İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, təlimdə tədris olunan iqtisadi modellər dövlət qurumlarının əməkdaşlarının fəaliyyətində əhəmiyyətli rol oynayacaq.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az