İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində "SMART LİFE EXPO - International exhibition in Azerbaijan, 2025" sərgisinin açılışı olub. Sərgidə 100-dən çox Çin şirkəti, həmçinin Azərbaycanın və digər ölkələrin məhsul və xidmətləri təqdim olunur.
"SMART LİFE- 2025"in açılış mərasimində İİTKM-in operatoru olduğu "Azexport” portalının rəhbəri Ayxan Qədəşov çıxış edib. O bildirib ki, Çin şirkətlərinin ölkədə öz məhsuları ilə təmsil olunması təcrübə mübadiləsi baxımdan əhəmiyyət kəsb edir. Sərgidə əsasən avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları və istehlak məhsulları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış, ev, ofis sistemləri və s. məhsullar nümayiş etdirilir.
Rəsmi açılış mərasimində İİTKM-lə yanaşı, Çin səfirliyinin, KOBİA və ASK-nın nümayəndələri iştirak ediblər.
Sərgidə "Azexport” portalının rəhbəri ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin ticarət müşaviri Yu Hongchi arasında görüş keçirilib. Görüşdə portalın fəaliyyəti və Çin şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.