19 sentyabr 2025, 16:40

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın növbəti il üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair onlayn görüş keçirilib. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadiqov, Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Suleymanov, şöbənin digər əməkdaşları və Tədbirlər Planında qeyd edilmiş  əsas icraçı qurumların nümayəndələri iştirak ediblər.

Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət  hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə və  sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsinə xidmət edir. Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2025-ci il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrin icrasına dair indikativ planlaşdırma zamanı diqqət yetirilməli istiqamətlər vurğulanıb.

Bununla yanaşı, qeyd olunan tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, eləcə də Tədbirlər Planı istiqamətində qiymətləndirmə imkanlarının artırılması ilə bağlı əhəmiyyət daşıyan məqamlar qeyd edilib.

Qeyd edək ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi  Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az