İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti onlayn təlimi baş tutub.
Təlim “Startup School 3” layihəsinin tərəfdaşları YellowX şirkətinin məhsul inkişafı üzrə mütəxəssisi Alperen Zeki Gökmen və BeHumbo şirkətinin təsisçisi Beliz Bediz Sinan tərəfindən keçirilib. Hər iki şirkət Estoniyada fəaliyyət göstərir. Sessiya “Rəqəmsal transformasiya və süni intellektin biznes mühitində yarada biləcəyi imkanlar” modulu çərçivəsində “Bazara çıxış strategiyası və təsisçi tərəfindən idarə olunan marketinq” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara bazara çıxış strategiyasının hazırlanması, məhsul və xidmətlərin hədəf auditoriyaya effektiv təqdim olunması, eləcə də qurucu rəhbərliyində marketinqin üstünlükləri barədə praktiki biliklər təqdim edilib. Sessiya interaktiv formatda təşkil olunub, iştirakçılara praktiki tapşırıqlar verilib və əldə olunan nəticələr birgə müzakirə olunub.
“Startup School 3” layihəsi çərçivəsində keçirilən təlim sessiyaları iştirakçı startaplara biznesin idarə olunması, bazara çıxış strategiyaları, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi sahələrində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar qazandıraraq onların qlobal bazarda rəqabət qabiliyyətini və mövqelərini gücləndirir.