İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilmişdir. Müzakirələrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, Dünya Bankının, Avropa İttifaqının, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun, AMEA-nın, Gəncə Aqrobiznes Assosiasiyasının(GABA), “Gilan Holdinq”in nümayəndələri və aqrar sahə üzrə tanınmış ekspertlər iştirak ediblər. Müzakirələrdə Kənd Təsərrüfatının İnkişaf Strategiyasının strateji hədəfləri və prioritetləri müzakirə olunub. Tədbir iştirakçıları kənd təsərrüfatı ilə bağlı hazırlanan strateji sənəddə aqrobiznesin və aqrar emalın inkişafı, kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması, aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və bu sahəyə dövlət dəstəyinin effektivliyinin yüksəldilməsi, aqrar fəaliyyət sferasında ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı təkliflərini veriblər.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.