Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə avqustun 21-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun onlayn iclası keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsi, müvafiq tədbirlərin icra vəziyyəti, 2025-ci ilin birinci yarımilliyi ərzində görülən işlər barədə məlumat verilib və müzakirələr aparılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol Xəritəsinin icrası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı həyata keçirilən, görüləcək tədbirlər və layihələr barədə məlumat verib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı təqdimatı keçirilən Yol Xəritəsində özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsinin hazırlanması, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin müvafiq tələblərə uyğun olaraq tam elektronlaşdırılması istiqamətində işlərin görülməsi, dövlət reyestrində məlumatlara əlçatanlığın təmin edilməsi və digər məsələlər əksini tapır.
Sonda Yol Xəritəsi üzrə tədbirlərin vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə icra edilməsinin vacibliyi vurğulanıb, iclas iştirakçılarının sualları cavablandırılıb.