29 iyul 2016, 11:35

26 iyul 2016-cı il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində  Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilmişdir. Toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb. Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və davamlı inkişaf aspektləri nəzərdən keçirilmişdir. Eyni zamanda aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-ə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilmişdir.

Müzakirələrdə Prezident Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim ediləcəkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az