Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması haqqında Fərmanın qaydalarının tələblərinə görə, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, . külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri istisna olmaqla, yalnız istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və ticarət festivalları dövründə alınmış istehlak mallarına şamil edilir.
Bu Qayda bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV həmin malların alındığı gün ərzində müvəkkil bank tərəfindən qaytarılır. Alınmış mallara görə ödənilmiş ƏDV-nin malların alındığı gündən sonrakı günlərdə qaytarılmasına yol verilmir. Azərbaycan Respublikasında ticarət festivalları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi qaydada təşkil olunur.
Prezidentin Fərmanı ilə fiziki şəxs, alıcı, satıcı, operator, stiker, risk ,risk qiymətləndirmə sistemi, vahid məlumat bazası, ƏDV köşkü, müvəkkil bank kimi əsas anlayışlara aydınlıq gətirilib.
Göstərişə əsasən, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
Müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkilini operator olaraq, Vergilər Nazirliyi həyata keçirəcək.
Fərmanla həmçinin, ƏDV-nin qaytarılması qaydaları və ardıcıllığı da müəyyənləşdirilib.