İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Telekommunikasiya" alt-işçi qrupunun "Strateji Baxış: Telekommunikasiya Sektoru " adlı müzakirəsi baş tutmuşdur.
Tədbirdə İKT sektorunun təşviqi üzrə Azərbaycanın MDB məkanında birinci yeri tutduğu, qlobal İnformasiya Texnologiyası Hesabatı 2015-sənədində isə ölkəmizin Şəbəkəyə Qoşulma Hazırlığı İndeksində 149 ölkəarasında 57-ci yerdə olması və bu indeksdə aşağı balın sektorda tənzimləmə mühiti və istifadə dərəcəsi indikatoruna görə alınması vurğulandı. Bundan başqa qeyd edilmişdir ki, UNDP-nin ölkə üzrə hesabatında 2014-cü ildə İKT sektoru xarici investisiyalarda payına görə ölkədə neft sənayesindən sonra ikinci yerdə göstərilmişdir. 2014-2020-ci illəri əhatə edən İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Milli Strategiya UNDP-nin dəstəyi ilə hazırlanmış və 2014-cü ildə qəbul edilmiş, E-hökumət təhsili ilə bağlı 17 dekabr 2015-ci ildə AR Nazirlər Kabineti qərarı ilə “E-hökumət Təhsili və Təlim Mərkəzi MMC” yaradılmışdır. Ölkədə “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır ki, bununla 2014-cü ildən başlayaraq start-up şirkətlərə qrantlar və sahibkarlara kreditlər verilmişdir.
Tədbirdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üçün səslənən təkliflər sistemləşdirilərək İşçi qrupuna təqdim olunmuşdur.