Prezident İlham Əliyev ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Yeni yaradılan Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcəkdir. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılmışdır. Həmçinin, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri bu Komissiyanın üzvləri təyin edilmişlər. Komissiyaya tapşırılsın ki, Agentliyin əsasnaməsinin layihəsini, Agentliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Prezidentin fərmanı ilə müəyyən edilmişdir ki, 2018-ci il yanvarın 1-dən etibarən Komissiyanın səlahiyyət müddəti başa çatır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Agentlik ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Dövlət proqramı hazırlanarkən aşağıdakı prioritet istiqamətlər əsas götürüləcək: - qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, o cümlədən standartların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi; - qida məhsullarının uyğunluğunun qiymətləndirilməsi (təsdiqi) sisteminin beynəlxalq tələblərə müvafiqliyin təmin edilməsi; - beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatının aparılması və risk qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi; - genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsi; - “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, nəzarət sisteminin və mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsi; - qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi; - qida məhsullarının təhlükəsizliyi ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi və modernləşdirilməsi (o cümlədən laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi). Bununla yanaşı Nazirlər Kabineti baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agentliklə birlikdə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Agentliyin Kodeks Alimentarius Komissiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi təyin olunmasını təmin edəcək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.