27 yanvar 2017, 17:52

Prezident  İlham Əliyev xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında Fərman imzalayıb.

  Fərmana görə, ticarət nümayəndələri təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görəcəklər.

 Nazirlər Kabinetinə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin etmək tapşırılıb.

 Prezident Fərmanın icrası üçün Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə müvafiq göstərişlər verib. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az