29 iyul 2025, 16:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Əməliyyat meneceri Elnur Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tərəfindən Çində təşkil edilən "Rəqəmsal iqtisadiyyatın inkişafı" beynəlxalq seminarında iştirak edib. 

Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Özbəkistan, Tacikistan və digər ölkələrin nümayəndələri rəqəmsal iqtisadiyyatın inkişafı və bu sahədə Çin təcrübəsi ilə tanış olublar. 

Təlimlərdə dövlət idarəetməsində texnoloji həllər və elektron xidmətlər, 4-cü sənaye inqilabı və rəqəmsal transformasiya, “yaşıl" texnologiyalar və davamlı inkişaf, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində rəqəmsal infrastrukturun qurulması kimi mövzular əhatə olunub.

Elnur Əliyev həmçinin Tianjin və Sian şəhərlərində yerləşən müəssisələrdə verilən nəzəri məlumatların praktiki nümunələri ilə tanış olub. Tədbirlər Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil edilib və iştirakçı ölkələr arasında rəqəmsal sahədə əməkdaşlığın gücləndirilməsinə həsr olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az